Klinik Psixoloq Fuad Əsədov
1.17K subscribers
20 photos
84 videos
30 links
Sizin psixologiya bələdçiniz
Download Telegram
Gəlin sizə öz apardığım tədqiqatda əldə etdiyim və öyrəndiyim maraqlı bir nəticəni izah edim.
Deməli, aydın məsələdir ki, insanın yaşadığı və işlədiyi mühit onun psixologiyasına təsir göstərir. Bu, müsbət təsir də ola bilər, mənfi təsir də. Və aydın məsələdir ki, sizin yaşadığınız, işlədiyiniz mühitdə hansısa problemlər varsa, bu, sizin psixologiyanıza neqativ təsir edəcək və siz özünüzü pis hiss etməyə başlayacaqsınız.
Amma eyni zamanda, şəxsi resurslar dediyimiz bir faktor da burada önəmli rol oynayır. Məsələn, optimizm, psixoloji dayanıqlılıq, öz düşüncələrinə asanlıqla təslim olmamaq kimi xüsusiyyətlər insanların şəxsi resurslarıdır. Hansı ki, bu şəxsi resurslar psixoloji problemlərin qarşısını alır.
Yəni əgər siz öz düşüncələrinizə asanlıqla təslim olmayan bir insansınızsa, optimistliyiniz, hadisələrə pozitiv baxış bucağınız və hadisələri doğru analiz etmək qabiliyyətiniz varsa, siz toksik bir mühitdə işləsəniz də, toksik bir mühitdə yaşasanız da, bu, sizə çox təsir etməyəcək.
Və eyni zamanda, insanın həmin bu şəxsi resursları onun mühitinə də müsbət təsir göstərir. Yəni siz pozitiv, psixoloji dayanıqlı, optimist olduqda digər insanlar da bundan təsirlənir və getdikcə onlar da yaxşı olmağa başlayırlar.
Dolayısıyla, mühitimizin, mühitimizdəki insanların və öz yaxşı oluşumuzun üzərində çox böyük təsir gücümüz var. Ona görə də ətraf faktorlardan çox, öz şəxsi resurslarımızın inkişafına zaman və diqqət ayırmalıyıq.

Fuad Əsədov
❤13👏1
Siz bir nəfər deyilsiz. İkinizdə çoxlu insanlar var. Ya da belə deyə bilərik ki, sizin çoxlu müxtəlif hallarınız var.

Siz bir insan üçün darıxanda, əslində o insan üçün deyil, o insanla olarkən olduğunuz öz halınızdan ötrü darıxırsız. Dolayısıyla özünüzdən ötrü darıxırsız.

Bir ayrılıq yaşayanda və onsuzluğa dayana bilməyəndə unutmayın ki, hər zaman onu geri qaytarmağa çalışmalı deyilsiz. Bəzən özünüzü, özünüzün onunla olan halınızı geri qaytarmaq edə biləcəyiniz ən gözəl şeydir. Çünki siz əslində onu yox, özünüzün o halını istəyirsiniz.

Fuad Əsədov
❤10🤔1
Son dövrlərdə müşahidə etdiyim bir mənzərə var. Sanki, get-gedə deyingən insanlara çevrilirik. Təxminən on il əvvəl sosial şəbəkələrdə bəzi səhifələr yarandı və ölkədə, cəmiyyətdə mövcud olan problemləri tənqid etməyə başladılar. Bu, çox yaxşı addım idi. Amma, bir müddət sonra sanki bu tənqidin dozası çox oldu və cəmiyyətdə loser psixologiyası yarandı. Artıq özümüzdən o qədər narazıyıq ki, hər addımda özümüzü baltalayırıq. Məsələn, həmişə xarici ölkələrdə küçədə kimlərsə rəqs edir və biz də böyük zövqlə bu videolara baxırıq. Amma keçən dəfə Azərbaycanlılar bunu etmişdi, hamı commentlərdə yazırdı ki, azərbaycanlıya küçədə rəqs etmək yaraşmaz. Niyə axı? Adam çox gözəl rəqs edir. Niyə axı biz əylənə bilmirik. Məsələ tək əyləncədə də deyil. Hər şeyi tənqid edən böyük bir kütlə var. İnsanların geyimini, təhsilini, əyləncəsini, yeməyini, oxuduğu kitabı tənqid edirlər. Əvvəlcə kitab oxumayanları tənqid etdilər, sonra kitab oxumayanları tənqid edənləri tənqid etdilər, sonra romantik kitab oxuyanları tənqid etdilər, sonra romantik kitab oxuyanları tənqid edənləri tənqid etdilər.
Keçən dəfə bir nəfər şəkil paylaşmışdı kitab oxuyan yerdə. Hamı yazırdı ki, özünü göstərirsən. Lap özünü göstərir, özü bilər. Niyə bu qədər antoqonist olmalıyıq hər şeyə. Geyimə, saça, ailə strukturuna, fərqli fikirlərə, zövqlərə və qalan hər şeyə qarışmaq haqqını özündə görən cəhalət hardan gəlir axı? Keçən dəfə görürəm biri oğlanların çanta daşımasını pisləyib, başqa biri cofeshoplarda oturanları, o biri də tarqovuya gedənləri.
Çox qəribə mənzərə alınıb. Nə baş verirsə, ilk iş tənqidə uğrayır. Bir dəfə Instagram-da story hissəsində Eminemin repini paylaşmışdım. Bir neçə nəfər yazdı ki, siz necə psixoloqsunuz ki, Eminemi dinləyirsiniz. Birincisi nə əlaqəsi var, ikincisi də lap indi dinləyirəm də, burda nə qəbahət var ki? Ya da keçən dəfə səhifələrin biri bir həkimin zarafatlı statusunu paylaşıb, altına millət yazır ki, ona görə səhiyyəmizin bu gündədir. Niyə axı? Həkim zarafat edə bilməz?
Həqiqətən də, aşırı tənqidçi insanlar yetişib. Məsələn, bu insanlar xaricdə Azərbaycanı tanımayan insan görən kimi başlayır bizim milləti tənqid etməyə. Halbuki, bu xaricilərin savadsızlığıdı, bizim problemimiz deyil. Amma nə fayda. Dediyim insanlar sırf tənqid etmək xətrinə, tənqid edirlər. Onları heç nəylə razı salmaq mümkün deyil. Amma unutmaq lazım deyil ki, kənara saçdığımız hər şey geri qayıdır.

Fuad Əsədov
👏8❤3
Media is too big
VIEW IN TELEGRAM
Sevgi göstərmək tərbiyəsizlikmiş
👏3
Sizə çox məntiqli gələn düşüncələrinizin bir çoxu çox məntiqsizdir. Heç nədən əmin olmaq olmaz.

Fuad Əsədov
❤6
Bəzən başqalarının gözünə girməyə çalışarkən öz gözümüzdə özümüzü tərifləyən bir insan olmaq istəyirik əslində.

Özümüzü bəyənmədiyimiz zaman başqalarının bizə yönəltdiyi tənqidlər özgüvənimizə mənfi təsir göstərə bilir. Əslində isə başqalarının fikirlərinin bizə bu qədər təsir etməsinin səbəblərindən biri də onların dediklərində özümüzün də həqiqət payı görməyimizdir. Özümüz haqqında qəbul etmədiyimiz, doğru hesab etmədiyimiz fikirlər isə bizi eyni dərəcədə sarsıda bilməz.

Buna görə də başqalarının sizin haqqınızda nə düşündüyünə deyil, sizin özünüz haqqında nə düşündüyünüzə daha çox diqqət yetirin. Çünki başqalarının gözündə necə göründüyünüzdən daha vacib olan, öz gözünüzdə kim olduğunuzdur.

Fuad Əsədov
❤5👏1
Mən həmişə demişəm, Azərbaycan cəmiyyəti kitab oxuyan cəmiyyətdir. Azərbaycanda kitab oxumamaq kimi bir problem yoxdur. Azərbaycan gəncləri və yaşlıları kitab oxuyur. Ümumiyyətlə, bizdə keçmişdən bəri gələn kitab oxumaq ənənəsi var. Əgər belə olmasaydı, Azərbaycanda çox iri və sahiblərini zəngin edən kitab mağazaları şəbəkələri olmazdı.

Amma Azərbaycanda oxuduğunu sorğulamaq problemi var. Çünki bir çox məqamlarda, bir çox mövzularla bağlı düşünmək qadağandır. Cəmiyyət bu qadağanı qoyur və insanlardan, gənc nəsildən, orta nəsildən tələb edirlər ki, müəyyən mövzular haqqında düşünmək olmaz və sənə necə deyilərsə, onu qəbul etməlisən. Tabular necədirsə, onunla razılaşmalısan.

Və beləcə, insanlar düşüncəyə və cəsarətə yönləndirilmir. Düşüncənin və cəsarətin birləşiminin olmadığı yerdə isə kitab oxumaq sadəcə bir əyləncədən daha artığı ola bilmir, təəssüf ki.

Fuad Əsədov
❤9👍3👏2
Üzr istəmək dəyişmiş davranış tələb edir. Sözlər nə qədər səmimi olsa da, əsl dəyərini ancaq ardınca gələn davranış dəyişikliyi ilə qazanır. Bir səhvin üzrünü istəyib sonra yenidən eyni səhvi təkrarlamaq, həm üzrün səmimiyyətini zədələyir, həm də qarşı tərəfin etimadını sarsıdır. Həqiqi üzr, həmin səhvin təkrarlanmaması üçün göstərilən səydə gizlidir. Davranış dəyişikliyi, üzrün arxasında yatan niyyəti əks etdirir və qarşı tərəfə hörmət və dəyər mesajı verir.

Bağışlanmaq istəyiriksə, əvvəlcə öz davranışlarımız üzərində düşünməli və onları təkmilləşdirməyə çalışmalıyıq. Bu, həm özümüzə olan hörmətimizi artırır, həm də əlaqələrimizi daha sağlam və etibarlı bir əsas üzərində qurmağa kömək edir. Unutmayın, üzr istəmək sadəcə bir söz deyil – əslində, bu, bir dəyişikliyə aparan ilk addımdır.

Fuad Əsədov
👏6
Bu həyatda sizə ən yaxşı və ən pis davranacaq insan siz özünüzsünüz.

Çox təəssüf ki, bəzən insan bu və ya digər səbəblərdən dolayı özünə pis davranır. Əslində isə özünə pis davranarkən bunun adını başqa cür qoyur və başqalarını günahlandırır.

Başqaları sizə pis davrana bilər, amma onların etdiklərini uzun-uzadı düşünüb özünüzə pis davranacaq insan yenə də siz özünüz olursunuz.

Əgər başqa insanların sizə etdiklərini beyninizdə təkrar-təkrar oynadırsınızsa, özünüzə pis davranmış olursunuz. Bu zaman başqalarının sizə etdiyi pislikdən daha çoxunu özünüz özünüzə etmiş olursunuz.

Ona görə də unutmayın: insanlar və həyat sizə pis davrana bilər, amma siz özünüzə yaxşı davranın.

Fuad Əsədov
❤10👍3
Media is too big
VIEW IN TELEGRAM
Bu əjdahadan bizdə niyə yoxdu?
👍5
Psixoloji problemlərdən qaçmağın ən yaxşı yolu öz resurslarını gücləndirməkdi. Yəni, heç kimdən asılı olmayan özünüzə yaxşı təsir edəcək elə şeylər olmalıdır ki, onlar sizi qorusun. Bir hobbi, bir baxış bucağı, ya da bir məkan

Fuad Əsədov
👍9❤3
Yüz faiz əmin ola bilərsiniz ki, insanların həyatları, əyləncələri, zövqləri, fikirləri, həyat tərzləri və seçimləri barədə danışmaqdansa özünüzə fokuslansanız daha xoşbəxt olarsınız. Həm özünüzü limitləmiş olmazsınız, həm sizi manipulyasiya edənlərin əlinə silah verməzsiniz, həm də həyatınızı inkişaf etdirib, zövq ala bilərsiniz.

Fuad Əsədov
❤5👍3🥰1
İnsandakı ən önəmli bacarıqlardan biri nədir, deyim? Tolerantlıq. Başqa sözlə, dözümlülük.

Bu nə deməkdir? İnsan nə qədər ki, başqalarının fərqli fikirlərinə, fərqli həyat tərzlərinə, eləcə də həyatın qarşısına çıxardığı çətinliklərə və sıxıntılara dözə bilirsə, bir o qədər yetkin və rasional düşünməyi bacarır.

Dözümlülük hər şeylə razılaşmaq, hər şeyi qəbul etmək və ya hər haqsızlığa göz yummaq demək deyil. Əksinə, fərqliliklərə hörmətlə yanaşmaq, xoşuna gəlməyən vəziyyətləri emosional reaksiyalarla deyil, ağılla qarşılamaq bacarığıdır.

Dözə bilməmək, hər şeyin məhz öz istədiyin kimi olmasını tələb etmək, uşaq kimi ayağını yerə vurub «Mən istəyirəm, mən istəyirəm, mən istəyirəm!» demək isə irrasional davranışın göstəricisidir. Çünki insanın hər istəyinin həyata keçməsini gözləməsi, hər fərqli fikrə etiraz etməsi və həyatın çətinliklərinə qarşı dözümsüzlük nümayiş etdirməsi ona rahatlıq gətirməyəcək.

Əksinə, bu cür yanaşma insanı davamlı narahatlıq, məyusluq, qəzəb və digər neqativ emosiyaların içərisində saxlayacaq.

Unutmayaq ki, yetkinlik hər şeyi istədiyin kimi dəyişdirməkdə deyil, dəyişdirə bilmədiklərinlə sağlam şəkildə münasibət qurmağı bacarmaqdadır.

Fuad Əsədov
👏4🤔2
Qorxu nədir? Təhlükə haqqında xəbər verən bir hiss. Hər zaman? Yox. Panik atak bunun çox yaxşı bir nümunəsidir. Panik ataklı insanlar heç bir səbəb olmadan həyəcanlanırlar və özlərini təhlükədə hiss edirlər.
Bir dəfə belə bir pasiyentim var idi. Ondan panik atak zamanı nə hiss etdiyini soruşdum. O da başgicəllənməsi, ürəyin sürətlə döyünməsi, təngnəfəslik və gözqaralması kimi əlamətləri sayıb davam etdi.
Əgər, belə şeylər yaşayıramsa, deməli həqiqətən də təhlükə altındayam. Həmin an təhlükənin nə olduğunu bilməsəm də, şüuraltım necəsə təyin edib.
Ayağa durdum və fırlanan kreslomu otağın mərkəzinə gətirdim. Pasiyentimdən xahiş etdim ki, kresloya otursun, dərindən nəfəs ala-ala özünü fırlatsın. Pasiyentim dediklərimi təxminən bir dəqiqə etdikdən sonra onu durdurdum və nə hiss etdiyini soruşdum.
Başgicəllənməsi, ürəyin sürətlə döyünməsi, təngnəfəslik və gözqaralması - deyə cavab verdi.
Bəs həyəcan? Həyəcan var?
Yox. Çünki, təhlükədə deyiləm.
Amma panik atak əlamətlərini yaşayırsınız axı. Bəlkə şüuraltınız təhlükə təyin edib.
Yox. Sadəcə kresloda fırlanmışam.
Deməli, hər zaman bu duyğuları yaşamanız təhlükədə olduğunuzdan xəbər vermir. Bəzən daha sadə səbəblər var. Və o səbəblər o qədər sadədir ki, heç siz onları görmürsünüz də.
Pasiyentim durdu və əlavə etdi.
Heç belə düşünməmişdim.
Qorxmaq və panika yaşamaq hər zaman təhlükədə olduğunuzu göstərməz. Ona görə də sakitləşin.
Fuad Əsədov
👍5👏2
Bir pasiyentim var idi, həmişə deyirdi ki, mən çox bəxtsiz insanam. Sual verdim ki, necə bu qənaətə gəlirsiniz? Bəlkə ailənizdə, sağlamlığınızda ya da münasibətlərinizdə problem var? Dedi yox, onların hamısı qaydasındadır. Sadəcə, dəfələrlə olur ki, mağazada bir paltar bəyənirəm, gedirəm pul götürüb gəlirəm ki, alım, görürəm paltar satılıb. Pasiyentim bunu dedi və bir az dayanıb əlavə etdi.
" Belə səsli şəkildə deyəndə sanki mənasız gəldi mənə "

Bəli. Çünki, fikir ümumidir. Siz beyninizdə bir şeyi düşünəndə o qədər detallı və ümumi düşünürsünüz ki, bu düşüncədən narahat ola bilərsiniz. Ona görə, narahat edici fikirləri səsli şəkildə deyin və görün qulağa necə gəlir. Fikirlərinizi sözlərlə ifadə etmək probleminizi konkretləşdirəcək və onu daha yaxşı anlamanıza səbəb olacaq. Probleminizi anlasanız həll yolu öz-özündən ağlınıza gələcək.

Fuad Əsədov
👍6❤2
Bir şeyi etmək lazımdır və siz bunun üçün özünüzü hazır hiss etmirsinizsə, hazır olacağınız anı gözləmək hər zaman düzgün seçim deyil. Çünki, heç vaxt özünüzü hazır hiss etməyə bilərsiniz. Ona görə də bəzən çox düşünmək lazım deyil.

Fuad Əsədov
👍4
Bir yerə səyahət edərkən o yerə heç getməmiş bir adamdan tövsiyə istəyərdiniz? Heç İtaliyada olmamış bir adamdan “səncə İtaliyada hara gedim” deyə bir sual soruşardınız? Ya da heç vaxt futbola baxmamış insanın futbol haqqındakı fikirlərini dinləyərdiniz? Yox?

Amma dinləyirsiniz. Futbol və səyahət haqqında danışmıram.

Fuad Əsədov