Sevdalı kino
919 subscribers
14 photos
123 links
Download Telegram
 Ketrin Biqelounun The Hurt Locker filmində qəhrəmanın emosional dünyasının tədricən açılmasının və onun vizual həlli, vizual informasiyanın necə verilməsi barədə. Personajları, vəziyyətləri və s. dialoqlarla izah edən ssenaristlərimiz üçün xüsusən, faydalı olacağına ümid edirəm.
Film amerikalı serjant Ceymsin İraqda minaları zərərsizləşdirməsindən və bununla bağlı qarşılaşdığı gərgin hadisələrdən danışır. Ceyms filmin 10-cu dəqiqəsində peyda olur. O, həlak olmuş komandiri əvəz edir.Ceymslə tanışlıq belə başlayır: qaranlıq otaqda başını aşağı salıb; közərən siqaret tutmuş əlləri aqressiv musiqi ritminə uyğun əsəbi, xaotik hərəkət edir, sanki özünü ovundurmaq, nəyisə unutmaq istəyir. Yandan çəklimiş rakursdan üzündə çıxılmazlıq oxunur. Təklif olunmuş mizan və  kompozisiya ilə qəhrəman haqda ilk informasiyanı alaraq güman edirik: o, keşməkeşli həyat keçib.

İlk epizodlarda Ceymsin ümumi cizgilərini belə xarakterizə etmək olar: vecsiz, həyatını heçə sayan, özünü və komandasını riskə atan, nizam intizamı pozan, məsuliyyətsiz.  Obraz bir az da amerikan pafosunda işlənib; təhlükənin üzərinə cəsarətlə gedir və bu əsnada soyuqqanlıqla banal replikalar atır. Belə tipiklik Hollivudun triller, müharibə filmlərinin qəhrəmanlarına xasdı.Ceymsin emosional dünyası  bir qədər və xəsisliklə növbəti səhnədə özünü “Bekhem” adlandıran uşaqla ünsiyyətdə açılır. Onun Bekhemlə sərt  zarafat və danışığında nəsə bir sevgi, qayğı, atalıq instintkti sezilir. Məhz SEZİLİR və qəti qabardılmır.  Güman olunur ki, ya o, atadır, uşaq ona xiffətini çəkdiyi övladını xatırladır, ya da keçmiş təcrübəsində müharibədə uşaqlarla bağlı dəhşətli hadisələrin şahidi olub.
Ceymsin birinci emosional partlayışı, qətlə yetirilmiş, bədəninə bomba yerləşdirilmiş balaca oğlanın cəsədini görəndə (Ceyms onun Bekhem olduğunu zənn edir) baş verir. O, cəsədlə tək qalır, bombanı təmizləməsi ona mənəvi əzabları və göz yaşları bahasına başa gəlir. Amma rejissor onun duyğularını yoldaşlarına yox, tamaşaçıya göstərir. Sonra o, Bekhemin qisasını almağa qərar verir. Onun qisas aktı vaxtı yaşantısı, həmçinin, müxtəlif xırda situasiyalar, detallar əzab çəkən, mənəvi ağrılarını qəlbində gizləyən insandan xəbər verir.  
Ceymsin ikinci- emosional çılpaqlaşmasını, yoldaşı onun üzündən yaralananda baş verir. Ceymsin çarəsizliyi özünü duşa paltarlı atmasıyla, bükülmüş bədəniylə göstərlir.Ceyms obrazının müharibədən psixoloji asılılığı olan, adrenalin axtaran biri kimi interpretasiya edilməsi ilə razılaşmıram. Titrlərdəki “müharibə narkotikdir” fikri də buna eyham edir yəqin. Finalda o, arvadına İraqdakı hadisələrdən və onların minatəmizləyənlərə ehtiyacı olduğunu deyir. Ceyms ekzistensial böhran yaşayan, tək missiyasını insanları xilasda görən adamdır. Bu, asılılıq yox, mənəvi tələbatdır.
Ənənəvi dramaturgiyada olduğu kimi filmdə qəhrəman dəyişmir, çünki artıq müharibənin dəyişdiyi adamla üz üzəyik. Müəllif qəhrəmanı emosional sınaqlarla üzləşdirərək onun daxili dünyasında müharibənin necə iz qoyduğunu araşdırır.Film epizodik narrativilə qurulub. Yəni hər təmizləmə əməliyyatı yeni hadisədir, girişə, konfliktə, kulminasiyaya, həllə əsaslanır.
Rejissor əhvalatı davamlı gərginlik üzərində qurmağa çalışır, bəzən gərginliyin ritmini saxlaya bilmir ya da gərəksiz uzadır. Məsələn, səhrada snayperlərin qarşıdurması səhnəsinin uzatması nəticəsində gərginlik yoruculuğa çevrilir. Spilberqlik, Hiçkoluk etmək lazım deyil) 
👍5❤3
 Milli Kino Günündə Asiman Ağa Rövşənin ssenari müəllifi və rejissoru olduğu  “Divarın o üzü” qısametrajlı bədii filmi göstərildi. Asimanın ilk rejissor işidi. Asimanın kamera əhvalatı qurmaq bacarığı var: “Otel loo”  bir məkanda çəkilib, “Qırmızı zona”da  hadisələr əsasən eyni qəsəbədə baş verir. Həmçinin, “Divarın o üzü”.  Süjetə görə, köhnə binalardan birində eyni mənzili almaq istəyən, vaxtilə qonşu olmuş Zaur (Nurlan Süleymanlı) və Sima (Sabirə Abdullayeva Rüstəmli) illər sonra həmin mənzildə görüşür. Simanın sevgilisi, iş adamı Möhsünün (Səmimi Fərhad) davranışı  nəticəsində hekayə gözlənilməz sonluqla bitir.      “Divarın o üzü” uğurlu debütdür. Hərçənd, qüsurlardan xali deyil. Diqqətimi birinci çəkən vizual yanaşma oldu. Bilirsiz, dar məkanda çəkiliş aparmaq çətindir, bu, fərqli metodların tətbiqini tələb edir. Asiman əksər hallarda, dialoqlar zamanı - klassik çiyindən çəkilişdən imtina edib. Əvəzində bəzi kadr və epizodlarda frontal, səthi, yəni dərinliyi olmayan səhnə mizanlarına üstünlük verib. Məsələn, personajlar üfüqi xətt üzrə, yanaşı düzülərək danışır  (bəzən düzülüş pozulur- bir personaj öndədir, digəri arxada), bəzənsə dialoqlar sürətli panormalı çəkilişlə göstərilir və montaja ehtiyac qalmır.  Kiçik məkanda belə kompozisiyalar imkan verir ki, həm eyni anda 3-4 personajın reaksiyasını görək, həm də o andakı vəziyyətin psixoloji bütünlüyünü hiss edək. Amma dərin səhnə mizanları da az deyil. Misalçün, çay süfrəsi səhnəsində elə dərin rakurs (operator Şahmar Səfəroğlu) seçilir ki, o anda bütün personajların ovqatını hiss edirsən. Fleşbəklərin kamera yaddaşından göstərilməsi sayəsində, bəzən indi ilə keçmişi əks etdirən səhnələr arasında fasiləsizliyə nail olunub. Zaurun rəssamlığından istifadə edərək, vizual assosiyasiyalardan istifadə edilib. Məsələn, Sima ona tanlşlıq verəndə, Zaurun yaddaşında- Da Vinçinin, Yan Vermeerin, Renuarın məşhur qadın portretləri canlanır. Təbii, canlı qadın portretləri sanki Simanın süni, saxta obrazı ilə kontrastdadır.Statik portret planlar, səthi məkan təsvirləri daha çox teatraldır. Bəlkə də qeyri səmimiyyəti, emosional soyuqluğu vermək üçün teatrallıq yerinə düşür. Dramaturgiya əsasən dialoqlarda inkişaf edir, hərəkət azdır; hər halda vəziyyətlərin və münasibətlərin çatdırılmasına hesablanmış mizanlar, aktyor oyunlarının canlılığı, gərəksiz uzun planların yoxluğu, quruluşdakı dinamika və s. filmi kobud teatrallqdan xilas edir.Tənqidi qeydlərim ssenari ilə bağlıdı. Çəkilişdən öncə ssenarini oxumuşdum. Asimanla müzakirəmizdə demişdim ki, Möhsünün Simanı alçaltması üçün səbəbi yetərli deyil. Çünki Sima ilə Zaur uşaqlıqda bir-birini sevsələr və bu, kişini qısqandırsa belə, onun qadına təhqiramiz münasibətinə əsaslı zəmin yaratmır. Simanın davranışında meşşanlıq, təkəbbür olsa da. Sonda Möhsün Simanı mənfəətpərəst  olduğuna görə tərk edir. Məgər bunadək Möhsün Simanın mahiyyətini bilmirdi? Və bir qadının evli kişiylə münasibəti, ona ev, maşın aldırması təkcə qadının məsuliyyəti deyil axı. Zaurun da ləyaqətində qüsur var. Uşaqlıq dostu ona görə alçaldılır, o isə susur, çünki niyyəti nə olursa olsun ata evini almaqdı.Finalda Möhsünün özü haqda infomasiya verməsi artıq idi: “Mən uduzmağı xoşlamıram, prinsipal adamam”.  Çünki Səmiminin parlaq oyunu bu sözləri deməsinə ehtiyac yaratmır. Möhsünün evi sevgilisinə yox, Zaura almasını izah edən səbəbin sözlə ifadəsinə də gərək yoxuydu. Çünki Möhsünün xarakteri – səbəbin vizualda həllini tələb edirdi.  “Divarın o üzü” musiqi həllinin tapıldığı (bəstəkar Vüqar Məmmədzadə) filmlərdəndir. Musiqi kortəbii işlənməyib. Əvvəldə səslənən musiqi irəlidə baş verəcək maraqlı, sirli əhvalata işarə edir və onun qəfildən, həm də kobud  kəsilməsi ilə rejissor bizi reallığa qaytarır. Amma finaldakı musiqinin dramaturji gücü çoxdur, o, sonda yaşananları hissiyatlı, dəqiq ifadə edir, nəinki son kadrlar. Çünki, ssenaridəki qüsurlar sondakı təsvirlə musiqinin vəhdətinə mane olur.Filmi maraqlı edən təbii ki, həm də aktyorların (Səmimi Fərhad, Sabirə Abdullayeva, Nurlan Süleymanlı,  Nihat Heybətov, Güşvər Şərifova, Rauf Şahsuvarov) əla ifasıydı.
👍12❤3
 Bir neçə gündür, kino adamları şəxsiyə o məşhur informasiyanı yollayırlar: Kino Agentliyinin  keçirdiyi tenderin qalibinin “Ukrayna Ticarət Evi”  şirkətinin olması, Agentliyin sifarişi əsasında, kinoyla əlaqəsi olmayan bu qurumun filmlərin dublyajını,  subtitrlərin hazırlanması xidmətini həyata keçirəcəyi  və qarşılığında 303 min manat alacağı.Bu məlumatı yayımlayan heç bir sayt araşdırma aparımır ki, ölkədə peşəkar şəkildə dublyajla, subtitr xidməti ilə məşğul olan neçə şirkət var və Agentlik bu xidməti niyə məhz profili üzrə aidiyyatsız qurumla həyata keçirmək istəyir? Şirkətin bu sahə ilə bağlı öncə hansı təcrübəsi olub?    Əsas odur ki, Çeki Can ölkəmizə gəlib,  Agentliyin rəhbəri Rəşad Əzizov onunla foto çəkdirib, xoşbəxt olub. O, xoşbəxtdirsə, biz də xoşbəxtik…“Xoşbəxtlik qayğıları-2" filminin davamını çəkməyin vaxtıdır...
👍13❤6
 Nolanın “Odisseya”sına baxmağa hələ həvəsim yoxdur. Əvəzində ötən illərdə ən yaxşı ssenariyə görə mükafatlar almış bir neçə filmə baxdım. Baxmayanlara məsləhət görürəm. Xüsusən, kino adamlarına-bu filmləri həm də ssenari kimi asan  oxumaq olur.

Ssenarinin ustalarından sayılan Devid Memetin House of Games (1987) trilleri Venesiyada ssenarisinə görə mükafata layiq görülüb. Doğrudan da filmin əsas üstünlüyü rejissuradan çox ssenarisidir: dramaturgiya, struktur demək olar ki, mükəmməldir. Zövq alacaqsız. Memet ssenarist kimi Sidni Lümet, Brayn de Palma kimi usta rejissorlarla işləyib.

Maykl Qordonun Pillow Talk romantik komediyası isə 1960-cı ilə orijinal ssenarisinə görə Oskar alıb. İstirahət günlərində baxmaq, stress atmaq üçün əla filmdir. Hekayənin inkişafı dəqiq işlənib, ikinci planda oynayan aktyorlara, ikinci xətlərə, təkrarlanan motivlərə qədər. Maraqlı vizual həllərdən biri fərqli evlərdə yaşayan qəhrəmanların vanna səhnəsindən  vahid kompozisiya yaradılmasıdır.  Qadın qəhrəmanın kostyumları son dərəcə zərif, zövqlüdü. Filmin prodüseri 20-dən yuxarı kostyumu, kostyum üzrə məşhur rəssamlardan biri Jan Luiyə sifariş verib. Məqsəd qadın qəhrəmanın seksual, amma eleqant  təqdimatı olub.  Qadının bəzək əşyalarına isə 500 min dollar xərclənib. 
👍14❤8
Samir Kərimoğlu Kinotənqidçilər Gidliyasını "uşaq bağçası" adlandırıb. Çünki onun filmi seçilməyib. Samirin statusunu layk edənlər arasında seçilməyən nominanatlar var. Məsələn, Rafiq Hacıyevin "Oriondan sevgilərlə" filmi Samirin "Torpağı sanı yaşayasan" filmi ilə eyni kateqoriyada - ən yaxşı qısametrajlı bədii filmdə yarışırdı. Maraqlıdır, Rafiqin filmi qalib olsaydı, o Samirin statusuna necə münasibət bildirərədi? Və ya ən yaxşı operator nominasiyasında İman İmanov yox, Vasif Vəlizadə seçilsəydi, o bu statusu bəyənərdimi? 
Kinotənqdçilər Gildiyasının seçimlərində mənim də razılşamadığım məqamlar var, bu haqda  yazacam. Amma  ən yaxşı qısametrajlı bədii film nominasiyasında Əbülfəz İsgəndərin "Dərədə" filmi layiqli seçim idi. Həmçinin, bu filmin yerində Elnur Paşanın "Alovun kölgələri",  Nurlan Həsənlinin "Erkən hissləri"də ola bilərdi. Amma son müzakirələrdə "Dərədə" seçildi. Başqa sözünüz?
👍11❤7🔥1🤔1
 Kinoşünaslar və Kinotənqdiçilər Gildiyasının mükafatları rejissorlar, ssenarsitlər, operatorlar və digərlərindən çox bizim özümüzçün vacibdir ki, kinonun hazırkı mənzərəsi haqda daha aydın təsəvvürümüz olsun. Bununla bağlı analitik yazıya da ehtiyac var gildiyanın adından. Ümumən, gildiyanın seçimini ədalətli sayıram. Amma “ən yaxşı rejissor” nominasiyasında qalib Hilal Baydarov olmamalıydı. Bu, peşəkarlıq baxımından kobud səhvdi. Əvvəl də yazdığım kimi “Boşluğa xütbə” film kimi təqdim olunmuş tavtalogiyadı.

Ümumiyyətlə, onun nominant olması düz deyildi.  “Ən yaxşı rejissor” nominasiyasında namizədim Elvin Rüstəmzadə idi. Elvini dəstəkləyənlər az deyildi. Qısası, Hilal seçimi Elvinə də, Taleh Yüzbəyova da, Elvin Adıgözələ də, hətta Zaur Qasımlıya haqsızlıq idi. Mənim də səhvim olub ki, müzakirələrdə lazımi qədər fəallıq göstərməmişəm. Yəni yaxamı kənara çəkmirəm.  Bircə təsəllim odur ki, dünya kino praktikasında da oxşar səhvlər olur.
Ümid edirəm, gildiya ildən ilə peşəkarlaşar və hər filmdə simvol görən kimi hayıl mayıl olan bəzi həmkrarlarım anlayar ki, cəlbedici vizuallq, simvol bolluğu hələ KİNO demək deyil. Kino Agentliyinin bəzi məmurları bunu başa düşməyə bilər, çünki kinonu bilmirlər və gördüyüm qədərilə onlar üçün kinoda əsas meyar Ceki Çandır))  
👍13❤8
“Qırmızı zona” və “Mikro Rayon” seriallarına maraqla baxdım. Əvvəlcə, “Mikro Rayon” haqda  təəssüratlarımı bölüşüm. Uzun olmasın deyə, davamını sonra paylaşacam.“Mikrorayon” serialının "Slovo patsana"dan təsirlənməsi və ya onu “təqlid edib”  fikri əsassızdır. Çünki yeniyetmələrin dünyası, həmin dönəmdə keçdikləri proses, müxtəlif səbəblərdən kriminal mühitə düşmələri  və s. - dünya kinosunda çoxdan işlənmiş hekayələrdir. Ən təsirli nümunələrdən biri Bunuelin “Unudulmuşlar” (1950) filmidir. Ona qalsa, Meyrellişin “Tanrının şəhəri”, Qarronenin “Qomorra” filmləri elə “Unudulmuşlar”ın başqa versiyasıdır.  Sosial fərqləri nəzərə almasaq, dünyanın hər yerində böyümə prosesi zamanı yeniyetmələr eyni problemlərdən keçirlər: valideynlə konflikt, emosional qeyri-sabitlik, özünüaxtarış, anlaşılmama duyğusu və s. Ona görə, hansısa motivlərin, xarakterlərin, situasiyaların tanış gəlməsi normaldır.

“Mikro Rayon” mental mədəniyyətimizi, sosial reallığı və çətin şərtlərdə, problemli ailələrdə böyüyən yeniyetmələrin ağrılı böyümə prosesini əks etdirən uğurlu metafordur (ssenarist Gəray Həsən, rejissor Qulu Əsəgərov). Və vacib fikri bir daha xatırladır: görünən hər şey həqiqət deyil, övladlarınızı dinləməyi bacarın. Adilin (Eltəkin Xan) kriminal mühitə meyl salmasında, bəlkə də anasının ona inamsızlığı daha çox rol oynayır. Anasının inanmadığı Adilə kriminal Azik inanır. Azikin, çayxana epizoduna görə, müştəriləri yeniyetmələrdən üzr istəməsinə məcbur etməsi, atasız, daim tənbeh olunan uşağa hava su kimi lazımıydı. Adil evə onda qayıdır ki, ata kimi gördüyü Azik ona inanır, o, özünü təsdiq edir.
Fikir verdim, Azik obrazı sanki yunan Tanrıları kimi təsvir olunur. Rakurslar (operator Vasif Vəlizadə) onun əzəmətinə, gücünə vurğular edir. Əslində Orxan İskəndərlinin fakturası da buna uyğun gəlir. Onu maraqlı edən, Tanrı obrazına yaxınlaşdıran cəhətlərdən biri sirri, qaranlığıdır. Onun məkanı da açılmayan daxili dünyası kimi qaranlıq təsvir olunur. Son bölümlərdən birində isə o, qapını bağlayaraq özünü qaranlığa qapadır. Sərt reallqılarla döyülüb bərkimiş Azik kitabdan yox, həyatdan gəlmə filosofdur, təmkinlidir, mərhəmətlidir, qəddardır, cinayətkardır və ən əsası ziddyyətlidir. Bu obraz serial, film üçün əla materialdır. Azik bir tərəfdən yeniyetmələrə seçim imkanı verir (yəqin ki, onlarda öz keçmişini görür),  hətta Adilə zəifliyi sezilir, digər tərəfdən öz qaranlığına çəkir.   

 Seialda bir birinə zidd iki ata, mentor var və onların heç biri uşaqların atası deyil: Azik və Fəridin idman müəllimi.  
 Son bölümlərə yaxın Azik həyat hekayəsi haqda Adilə (əslində tamaşaçıya) qısa danışmasa belə, onun bioqrafiyasını təxmin etmək olurdu. Belə başa düşdüm ki, Azikin müəyyən xüsusiyyətlərinin tamaşaçı tərəfindən rəğbətlə qarşılanmasından ehtiyatlanan müəlliflər, 11-ci bölümdə həbsdə olan kişinin arvadı ilə dramatik-maarifləndirici  söhbətini əlavə ediblər. Ümumi strukturda epizod göydəndüşmə, dəxlisiz görünür. Buna ehtiyac yoxuydu. Çünki hekayə əsas ideyanı, fikri onsuz da çatdırır.Azik-Kərim (Elşən Əsgərov) tandemi bir qədər “Axırıncı aşırım”da Kərbalayı – Qəmlo konsepsiyasını xatırlatdı.

Serialın digər məqamları-haqda sonra yazaram. Amma montaj rejissoru Fərəc Süleymanovun işini qeyd etməyə bilmərəm.  Onun yaxşı mənada montaj hoqqabazlıqları, strukturla oynaması bir tərəfdən hekayənin emosional, ritmik davamlılğını qoruyurdusa, digər tərəfdən kəskin ritm kontrastları yaradırdı və heç bir halda dramaturji bütünlüyü, personajların o andakı emosional vəziyyətini pozmurdu. Fərəc Süleymanovu istedadlı montaj rejissoru kimi yadımda saxladım.    
❤18👍8🔥2
İkinci yazı
“Mikro Rayon”un ssenarisi haqda bir neçə söz. İlk bölümdə Sabirin əlindəki bıçaq son bölümdə Adilin kürəyinə saplanır. Yenə həmin bölümdə “məktəblinin dostu”yla şagirdin çəkdirdiyi foto sonardan, pul oğurluğunda günahlandırılan Adilin günahsızlığının sübutuna çevrilir. Bu cür öncədən xəbər vermə fəndi, xüsusən, kriminal motivli hekayələr üçün vacibdir. Hərçənd, “məktəblinin dostu”nun foto səhnəsini rejissor kobud həll edib. Çünki foto səhnəsini əvvəldən fokusa gətirməklə, gələcək dramaturji niyyət əvvəldən aşkar bəyan edilir. Halbuki, guya təsadüfi detal kimi qabardılması zəruriydi, Kubrik, Qas Van Sent fəndinə ehtiyac vardı.
Ekspozisiyada personajları tanıtmaq üçün izahedici, informativ dialoqlardan istifadə olunmur, onların xarakteri, ailədaxili münasibətlər hərəkətli (əməlin olduğu) situasiyalarda tədricən açılır, bəzi situasiyalar isə artıq gələcək konfliktin əsasını qoyur (direktorla Adil arasındakı mübahisə, sonradan oğulun və ananın məktəbdən qovulmasına gətirib çıxarır).  Birinci bölümdə baş verənlər Adilin gələcək addımlarına zəmin yaradır və əsas dönüş nöqtələrindən biri baş verir: ilk bölümün sonunda Adil  yeni reallığa daxil olur.Sosial problemlərin plakatçı tonu yoxdur. Çünki sosial qayğılar ailələrin gündəlik məişət ritmində əridilir, realist təsvir olunur və serialı tamaşaçıya doğma edən səbəblərdən biri yəqin, budur. Ev səhnələrində dialoq zamanı belə personajlar əksər hallarda statik yox, daha çox hərəkətdədilər, bu isə hekayəyə təbiilik və axıcılıq gəririr.
İlk bölümlərdə əsasən Adil və Fəridin ailəsi ilə tanış oluruq. Digər yeniyetmələr fraqmentlərdə yer alır və növbəti bölümlərdə onların rolu artır: məsələn, Daşqının intiharından sonra İdirs ön plana çıxır.  Bu cür ssenari fəndləri serial formatında xüsusən yerinə düşür. Yeri gəlmişkən, İdrisin davranışı bir qədər əsaslandırılmamış göründü. İdris, niyə onu övladlığa verən doğma ata anasından çox, ögey valideynlərini qınayır?   Leylanın intihara cəhdi ilə Daşqının intiharı yəqin ki, iki fərqli nümunəni göstərmək üçündür. Birincidə, ailə son nəticədə toparlanaraq Leylanı anlayır, dinləyir və qoruyur. İkincidə isə yeniyetmə ailədə illərlə üst üstə yığılıb qalmış və həll olunmayan gərginliyin qurbanı olur.  İkinci süjet xətləri Adilin hekayəsinə, münasibətlərinə müxəlif dərəcələrdə təsirini göstərir, yeni vəziyyətlər yaradır: Daşqının intiharı, İdris və atalığı xətti, Qüdrətin hekayəsi, Leylanın şantaj edilməsi və s.
Operator Vasif Vəlizadə təsvirin ümumi emosional tonunu tapıb,  vizual baxımdan personajların daxili dünyasını, psixologizmini təsirli rakurslarla vurğulayıb və bu, bizi qəhrəmanlarla daha da doğmalaşdırır. Seriala təbii, realist ton qatan həm də məkanlardır: məkanların ailələrin sosial statusuna uyğunluğunu, personajlar haqda informasiya verməsini (rəssam Vüqar Qurbanov) nəzərdə tuturam.

 “Mikro Rayon” tək tük seriallardandır ki, musiqi həlli demək olar ki, tamaşaçı kimi məni narahat eləmədi. Buna görə, Qulu Əsgərovu ayrıca təbrik edirəm. Musiqi (bəstəkar Kənan Rüstəmli, musiqi tərtibatçısı Fərəc Süleymanov,  “Gec qaytımaram” mahnısı) dramaturgiyanın, personajların daxili ritminə, mühüm parçasına, səsinə, ovqatına çevrilir. Yaxşı məhsula görə, ssenarist Gəray Həsəni, rejissor Qulu Əsəgərovu, prodüser Sevinc Əliyevanı, İTV ni təbrik edirəm.  “Mikro Rayon” haqda son yazım aktyor oyunları haqda olacaq. Bəzi tənqidi qeydlərimi də yazacam.
❤19👍5
             “Mikro Rayon” göstərdi ki, istedadlı aktyor nəsli yetişir, sadəcə, onları kəşf edib işləmək lazımdı. Ən çox bu sarıdan -“Mikro Rayon”un kinomuza töhfə verdiyini düşünürəm. Rejissor gənclərin potensialını düzgün dəyərləndirib, hər biri rolu mənimsəyib; ona görə səmimiydilər, inandırırdılar və əksər hallarda yeniyetmələrin hisslərini onlarla birlikdə yaşadım.    
Adil-Eltəkin Xanın deyəsən, kinoda ilk böyük işidir; o, xarakterindəki ziddiyyətlərə bəraət verir, tempi hiss edir: onun ailəsini qorumaq instinkti güclüdür, anasına kobudluq etsə də, eyni anda içindəki ağrı və küskünlüyü ifadə etməyi bacarır, müxtəlif vəziyyətlərdə iç ovqatını baxışı və səs tonuyla həll edir. Sabirin anasına görə dükançı ilə qarşıdurma epizodundakı səmimiyyət, realistlik həm də  Eltəkinlə Ülvi Həşimin (Fərid)  emosional-fiziki planda çılğın oyununun, qəhrəmanlarının həqiqətinə dərin inamının hesabına baş tutur. 
  “Mikro Rayon” Ülvi Həşimin hər şeydən əvvəl canlı, maqnetik aktyor energetikasını hiss etdirdi. Fəridin inkişaf xətti məntiqi ardıcıllığa əsaslanır. Adillə yolu ayrılandan sonra Fərid dəyişir. Və bacısını şantaj edən gəncin cəzalandırıldığı səhnədə, aktyor qəhrəmanının  dəyişilməsini psixoloji olaraq göstərə bilir: fiziki zorakılığa əl atmaqdan özünü güclə saxlayır, qəzəbi, gərginliyi susqunluğunun içindən duyulur, hərəkət etməklə hərəkətsiz qalmağın incə sərhədində oynayır. Yeri gəlmişkən, Ülvinin fakturası, üz cizgiləri, iti baxışları tarixi filmlər üçün də əladır.
Qüdrət Fətullanın Sabiri çevrəsindəki dostlarından fərqlənir. Qüdrət əvvəldən personajının emosional qeyri sabitliyini, infantilliyini, gözüqıpıqlığını, özünü təsdiqdən ötrü hər şeyə əl ata bilmək potensialını sezdirir və mahiyyətini xarakterizə edən bu xəttin fasiləsizilyini bütün hallarda saxlayır. Və bu xətt sonda öz məntiqi finalına çatır. Təsirli ifalardan biri Şəhriyar Aşkariyə (Daşqın) aid idi. O, Daşqının tədrici çöküşünü, müqavimət hissinin zəifləməsini fiziki və psixoloji passivliyilə ifadə edir. Rahib Allahquliyevin İdrisinin hekayəsi ekran vaxtının az hissəsini təşkil etsə də, hər halda bu, gənc aktyorun istedadının imkanlarını göstərməyə yetdi.
H.Baydarovun filmlərindən sonra ilk dəfəydi, Orxan İskəndərlini fərqli ampluada görürdüm. Azik çoxqatlı, mürəkkəb obrazdı, həyata dərin baxır, xarakterində əks dəyərləri birdən birləşdirir. Orxan çətin ziddiyyəti və dəyişikliyi pauzaya qədər ölçülü oynayır və bu, aktyordan əsasən ikinci plan və minimalizmlə oynamağı tələb edir. Hələ, minimalizmin içində o, daxili fikir və enerji  dəyişkinliyini, arxa planını çatdırmalıdır ki, Orxan məhz bunu bacarır.  
Natavan Qeybani (Günay) peşəkar, maraqlı aktrisadır. Onun qəhrəmanı evdar, övladlarına görə narahatlıq keçirən, sərt qadındır. Bəzən aktrisa narahatlığını elə soyuq ifadə edir ki, ikinci planda- emosional dəyişikliyi hiss edilmir. Təbii, aktyor hərəkətsiz ola bilər, amma daxili plastikası hesabına hisslərinin dəyişdiyi sezilməlidi. Obrazın arxa planı boş qalıb ki, bu, artıq dramaturji problemdir. Onun diksiyasında, zahirində, səliqəli cümlələrində aşkar intellektuallıq sezilir. Bu cəhətin onun keçmişi ilə bağlı nəsə bir informasiya ilə əsaslandırılması zəruriydi. Ola bilsin, o, ali təhsillidi, amma hansısa səbəbdən peşəsi üzrə işləmək reallaşmayıb və s. Digər bəzi obrazların da individul cəhətlərə, arxa plana ehtiyacı vardı.
Oktay Mehdiyevin ata obrazı koloritliydi. Xüsusən Ülvi Həşimlə tandemi uğurlu alınmışdı; birgə səhnələrində qarşılıqlı enerji hiss olunurdu.
Daşqının anasını canlandıran Vüsalə Ağayevanın oyunu yaddaqalan ifalardan oldu. Oğlunun öldüyünü biləndə, şok keçirməsi, onu təbii şəkildə emosional partlayışa çevirməsi səhnəsi ona görə təsirliydi ki, aktrisa emosiyalarını düzgün idarə edirdi və ağrını mərhələli şəkildə dərin yaşayırdı.
Məsmə Aslanqızının oyunundan əvvəl də yazmışdım: bu, ən parlaq, orqanik ifalardan biriydi.Ümid edirəm, növbəti serialda fərqli, başqalaşmış M.Aslanqızı görəcəyik.Bir daha yaradıcı heyəti, xüsusən, serialı, çiyinlərində daşımış prodüser Sevinc Əliyevanı təbrik edirəm. 
❤18👍8🔥1
 Kino Agentliyi  pitçinqə keçən, maliyyə dəstəyi verəcəyi filmlərin siyahısını elan edib. Bədii sənədli film layihələri kateqoriyasında 3 layihə  ( “Sükutun ardınca”, “38 saniyə”, “Türkün həyat ağacı”) keçib. Bir şeyi başa düşmək istəyirəm. Bədii sənədli deyəndə bizim rejissorlar nəyi nəzərdə tuturlar və ya biz nə başa düşməliyik? Sənədli filmlərə sadəcə, illüstrativ formada bədii elementlərin, quraşdrıma, kombinə edilmiş səhnələrin daxil edilməsi? Məsələ ondadır ki, bu formada çəkilən filmlər özünü keyfiyyət baxımdan doğrultmur, köhnə kürüş görünür. Ona görə sənədliyə bədii səhnələr daxil edəndə, onu fərqli metodlarla tətbiq edin, maraqlı montaj həlləri, nəqlin formasını tapın zəhmət olmasa, yəni sadəcə kəsib yapışdırmayın, bundan başqa dokufikşnlə dokudrama arasında fərqi özünüzçün dəqiq müəyyənləşdirin, dünya kinosundan bəhrələnin. 

Yadıma düşmüşkən, Elçin Quliyevin “Ümid zirvəsi”nin hekayəsi çox dramatikdir, amma dramaturji də yaxşı qurub, film təsirlidir, sadəcə bədii səhnələr keyfiyyətli çəkilsə (operator Əhməd Barasov) də bu səhnələr ümumi materialda  kreativ montaj yanaşması tələb edirdi.

 Pitçinq mərhələsinə keçən ssenarilərin bəziləri zəifdir. Çünki oxumuşam. Hacı Səfərov da yazmışdı ki, mövcud seçim mexanizmindən yaxşı layihə çıxmaq şansı azdır, çünki  inkişaf etdirilmədən birbaşa istehsala buraxılır. Problem də budur. Agentlik mütləq şəkildə, potensialı olan ssenarilərin inkişaf proqramını işə salmalıdır.

Keçənlərdə pitçinqdə böyük büdcəli bir layihə keçib, sonra öyrənirəm ki, ssenarini işləmək üçün ssenaristlər dəvət ediblər. Necə olur bu?! Bəlkə heç nəticədə keyfiyyətli ssenari çıxmayacaq və dövlət vəsaitini xərcləyib ortabab film çəkəcəksiz? Bu, nə qeyri-peşəkarlıqdır. Rəşad müəllim, eqosistemdən ekosistemə niyə keçə bilmirsiz? Nə mane olur sizə?
Sonra Nurlan Həsənlinin “Anam xaric” ssenarisinin keçməməsi də pisdir. Çünki bu ssenari oxuduğum digər ssenarilərlə müqayisədə dramaturji cəhətdən düzdür, keyfiyyətlidir, hekayəsi aktualdır, maraqlıdır və hətta bunu məktəblərdə də göstərmək olardı. Düzdür, finalını və final öncəsi hissələri daha dərin işləmək lazımdır. Münsiflərin dəqiq kim olduğunu bilmirəm, amma yəqin ki, onların bir qisminə ssenari dərsləri keçmək lazımdır.
👍16🔥4❤2
 Avqustun sonunda Laçında keçirilən Beynəlxalq Film Festivalının yerli müsabiqəsində jüridəydim. Festival Prezidentin Laçındakı xüsusi nümayəndəliyinin, Bakı Abaqlıq Xidmətinin və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilib. Tədbir eyni zamanda festivalın direktoru Amil Amalın əzmi, fədakarlığı hesabına baş tutub. Çünki təşkil prosesində Amilin əziyyətlərinin, bu işə ürəyini qoymasının şahidiyəm. Kino Agentliyindən isə festivalın keçirilməsində iki nəfərin çox köməyi olub: Vüsal Məmmədovun və Sahil Məmmədovun. Bu adları ona görə vurğulayıram ki, Agentliyin bəzi məmurları uğurla keçən bu festivaldan özlərinə xal yığmasınlar.
Müsabiqəyə gəlincə. Münsiflər heyəti (sədr Müşfiq Hətəmov, digər münsiflər Cəmil Quliyev, Məzahir Həşimov, Fehruz Şamıyev və mən) müzakirə zamanı belə qərara gəldi ki, çox uğurlu tələbə işi olmadığından, bu nominasiyanı ləğv edək və onu “ən yaxşı sənədli film”lə əvəzləyək. Nəticədə qalib Elşad Ərşadoğlunun “İşığa doğru” filmi oldu. Elşad Mədəniyyət nazirliyində işləyir və bəzi münsiflər ehtiyat etdilər ki, birdən kino adamları tərəfindən nazirliyin əməkdaşına mükafat verilməsi birmənalı qarşılanmaz.  Mövqeyim bu oldu ki, Elşad nazirlikdə işləyir deyə, onun haqqını yemək olmaz. Düzü, Elşaddan belə yaxşı film gözləmirdim)) “İşığa doğru” iki xətt -  azad olunmuş torpaqalarda doğmalarının itmiş qəbrinin axtarışı və rejissorun operatoru (Vasif Vəlizadə) ilə gələcək filmi planlaşdırması əsasında qurulub.  İki fərqli xətt ümumi emosinal atmosferə tabedir və tematik olaraq biri digərini tamamlayır.  Film meditativdir, ləngdir, ilk baxışda nəsə baş vermir,  amma kadrdaxilində fasiləsiz ritm, hərəkətlilik hekayəni inkişaf etdirir. Dialoqlar təbiidir, təsvir danışır, atmosferi, ağrını, zamanın fizikiliyini, məkanın enerjisini hiss etdirir.
İlkin Umarovun “ən yaxşı qısametrajlı bədii film” mükafatına layiq görülən “Hasarlar arxasında”nın qalib seçilməsi də münsiflər heyəti arasında kəskin fikir ayrılığı yaratmadı. Bu filmin ilk nümayişi Kinematoqrafçılar İttifaqında keçirilimişdi və yaxşı qarşılanmışdı. İlkin təhkiyənin strukturunu maraqlı qurur, düz, səthi yolla getmir, personajlarını yaxşı tanıyır  və ssenari üzərində məsuliyyətlə işləyir. Bu məqalələrdə https://kinoyazar.az/hasarin-arxasinda-esitdikl%c9%99rim/  (Nəcəf Əsgərzadə), https://kinoyazar.az/s%c9%99kili-tarantino/ (Ülvi Mehdi) onun filmləri haqqında detallı yazılıb. Yerli müsabiqədə iştirak etmiş digər filmlərdən də yazacam.Qarabağda keçirilən ilk kinofestivalı - Laçın Beynəlxalq Film Festivalı ölkəmiz üçün siyasi və və mədəni baxımdan çox əhəmiyyətlidir. Ümid edirəm ki, festival davamlı keçiriləcək.      
❤16👍7🔥2
Sentyabrın 2-dən Venesiya kinofestivalı başlayıb. Jurnalist Vüqar Vüqarlı da festivala gedən heyətin arasındadır. Əsasən idman jurnalsiti kimi tanınan Vüqar, bildiyim qədərilə Kino Agentliyinin maliyyə dəstəyilə gedib. Agentlik hansı kino fəaliyyətinə, resenziyalarına görə festivala Vüqarı ezam edib? Laçın kinofestivalında Vüqar Müşfiq Hətəmova sual verir:
“Burda son illər kinomuzun ünlü simalarından olan, rejissorluq baxmdan, ssenari baxımdan Əlixan Rəcəbovun filmini görmədim”.
Doğrudan da, kinobiliklər nə qədər məhdud olmalıdır ki, belə gülməli sual verəsən. Əlbəttə, kinoya rəhbərlik edən Rəşad Əzizovun kino idealı Ceki Çan olanda, onun Laçın festivalına göndərdiyi jurnalistin də idealı Əlixan Rəcəbov olmalıydı.
Həmin festivalda Vüqar Rəşad Əzizova sual verir:
- Demək olar ki, Laçın festivalı o qədər də uğurlu keçmədi.
İştirak edən kino adamlarının festivalın maraqlı, rəvan keçməsindən danışdığı halda, Vüqarın qərəzli, arqumentə söykənməyən sualının hardan qaynaqlandığı mənimçün maraqlıdır.
Və Laçın kinofestivalında yer alan filmlər haqda bir resenziya yazmayan, dövlət büdcəsi hesabına festivala gedən Vüqardan Venesiyada nümayiş olunan filmlərlə bağlı savadlı resenziya gözləyirəm.
😁20❤11👍7
 Laçın Beynəlxalq Film festivalının yerli müsabiqəsində yer almış bəzi filmlər haqda. 
İncəsənət Universitetinin məzunu Fərid Kərimin “Məhkum”u pritça intonasiyasında çəkilmiş sözsüz, qısametraj bədii filmdir. Əsas motiv-meşədə uzun yol gedən gəncin öz daxilində yaşadığı konflikt və güman ki, onun günahlarını simvolizə edən almalardır.Qəhrəmanın daxili vəziyyəti təsvir dramaturgiyasında, aktyor plastikasında ifadəli həll olunmur, ona görə hekayə sxematik alınıb. Sxematiklik həm də ona görə baş verir ki, müəllif, incəsənətdə çox istifadə edilmiş almanın ənənəvi mənalarına (günah, seçim, sınaq və s.)  təravətli baxış bucağı gətirmir, nəticədə alma, belə demək mümkünsə, canlı obraz ola bilmir.

Gənclər mücərrəd hekayələrə, fikirlərinin simvollarla ifadəsinə mümkün qədər ehtyatla yanaşmalıdırlar. Film elə çəkilməlidir ki, müəllif sonradan ideyasını izah etməsin, hekayəni hiss edək, anlayaq. Bir də belə filmlər rejissorun həqiqi potensialını göstərməyə mane olur.
Halbuki, Fəridin 2022-ci ildə Bakı Beynəlxalq Film festivallında nümayiş olunmuş “Seçim” qısametraj bədii filmi “Məhkum”la müqayisədə xeyli bitkindir.  “Seçim” də pritçadır, amma burda ideya aydın dramatik situasiya üzərində qurulur, düzgün aktyor oyunu (Hilal Dəmir), funksional kadr kompozisiyaları hekayənin məğzini açır. Süjetə görə, təqib olunan gənc seçim etməlidir: o, azadlığı, şəxsiyyət olmağı yox, əks qütbü seçir. Və Fərid ideyasını rəsmlərlə (Lukas Kranaxın “Adəm və Həvva”, “Kölələrin damğalanması” qravürü, Nitsşenin, Bethovenin portretləri ilə) ifadə edib.
Böyük yük maşını sürücüsündən bəhs edən “Uzun yol” qısametraj sənədli filmi də Fəridin rejissor keyfiyyətini üzə çıxarır. O,  kiçik vaxt ərzində qəhrəmanın həyatını hiss etdirməyi, portretini təqdim etməyi bacarır. Yəni mürəkkəb həyat həqiqətlərini sadə hekayələrdə təsirli ifadə etməyi bacarırsızsa, nə ehtiyac var mücərrədliyə?
Festivalın yerli müsabiqəsində iştirak edən, İncəsənət Universtetinin kinoşünaslıq ixtisasının tələbəsi Hüseyn Sarıyevin “90:4” filmini isə bu il  Kino İttifaqında göstərmişdik. Film mənəvi və maddi sıxıntılarla, boz həyat yaşayan sıradan bir insan haqdadır. Filmboyu qəhrəmanın üzü yox,  bədəninin vəziyyəti, əl-ayağının hərəkəti görünür. Kimliyi bilinməyən, fərdi xüsusiyyətləri vurğulanmayan qəhrəman- oxşar həyat yaşayan minlərlə insanın ümumi obrazıdır. Hüseyn, gündəlik problemlərin, tıxacların içində itib gedən ömrümüzü- yorğun insanın bədən diliylə, vərdişləri, gündəlik işlərini mexaniki yerinə yetirməsiylə göstərir.Və bu həyat materialını eyni zamanda Millenin “Sünbül yığanlar”ı, Breygelin “Korlar haqda hekayə”si, Van Qoqun “Çəkmələr”i, “Şərikli çörək” filmindən fraqmentlə izah edir, onları dekor elementi kimi işləmir, hekayəsinin dramaturji imkanlarına uyğunlaşdırmağa çalışır. Bu istinadlar tamamən yeni mənalar emal etməsə də,  hər halda rejissor qəhrəmanın həyatını geniş sosial  kontekstə bağlayır. 

Hərçənd, Maqritin “Bəşər övladı” əsərini xüsusi vurğulamaq lazım deyildi. Çünki hər hansı detalı “sanki təsadüfidir” kimi yox, xüsusi vurğulayanda bu, təbii axarı pozur, şərtiliyi gücləndirir.

Növbəti dəfə Səbinə Haqverdiyevanın “Lampa”, Nail Abdullayevin “Çəkməçi” filmlərindən yazacam.
❤12👍8
 İTV-nin başlatdığı - 12 (həmçinin 44, 48) bölümdən ibarət, teleserial formatı çərçivəsindən çıxaraq  kinoestetikaya xitab edən serial tendensiyası digər kanallarda da davam etdirilir. Tendensiyanın davamı kimi  Az.Tv-də Elvin Rüstəmzadənin “IV divar” serialı yayıma başlayıb, “Qırmızı zona”nın (ARB kanalı) isə davamı çəkiləcək.  Bu yeni yanaşmanın çox vacib tərəfi var: qısa seriallar yaradıcı imkanları yoxlamağa, vizual dil, fərqli üslub axtarışlarına şərait yaradır.

İTV-də həftənin 4 günü yeni serial- “Sığınacaq: Əkizlər” göstərilir. Deyəsən, 44 bölümdür. Bu, rejissor Rüfət Şahbazovun İTV ilə 3-cü serial layihəsidir. Bundan əvvəl isə uşaqlar üçün nəzərdə tutulmuş “Mən, Lalə, bir də Şerlok Holms”- uşaq kinosu sahəsində böyük boşluqla üzləşən uşaqlarımız üçün göydəndüşmə oldu. Serial özünü doğrultdu, hətta film çəkildi. Və Rüfət Şahbazovun öncəki serial təcrübəsi İTV-də yeni, başqa bir keyfiyyətə keçdi.

“Sığınacaq:Əkizlər”  Kolumbiya serialının yerli mentalitetə, sosial mühitə adaptasiyasıdır (ssenaristlər Çinarə Əlişli, Könül Məmmədova, Nurlan Həsənli və Zaur Rzayevdir, operator Əhməd Barasov). Hekayəsi maraqlıdır, növbəti bölümlərə diqqəti çəkir.

Əsas yük, baş rolun ifaçısı Natəvan Abbaslının (aktrisa iki müxtəlif xarakterli rolu oynayır) üzərinə düşüb. N.Abbaslının aktyor imkanları Asif Rüstəmovun “Mərmər soyuğu” filmində hiss olunurdu. Amma filmdə obrazın daxili dünyası, arxa planı dərin işlənməmişdi, yəni ssenari materialının aktrisaya verdiyi imkanlar məhdud idi, bu isə ona potensialını açmağa mane oldu. Bu serialda isə aktrisanın potensialını göstərməsi üçün geniş imkanlar var və ümumiyyətlə, N.Abbaslının siması, ekran enerjisi kinomuz üçün yaxşı materialdır. Əksər hallarda aktrisa rolunun  öhdəsindən gəlir, minimal, təmkinli oynayır, vəziyyəti düz hiss edir. Hərçənd, bəzi hallarda emosiyalarını, daxili vəziyyətini sanki çox kontrol edir, halbuki, situasiya onu elə də tələb eləmir.  

Serialın əsas energetik qüvvəsi, məncə, ikinci planda oynayan Manaf Dadaşovdur.Digər seriallarda olduğu kimi “Sığınacaq: Əkizlər”in də ssenarisində, bəzi aktyor ifalarında zəif, mübahisəli məqamlar var. Bu haqda serial bitəndən sonra.Yaradıcı heyəti, İTV kanalını təbrik edirəm. 
❤15👍1
Səbinə Haqverdiyevanın “Lampa” qısametrajlı bədii filminin atmosferi sovet dövrünün nostalgiyasını hiss etdirir. Bu təəssüratı gücləndirən qəhrəmanlar və vizual dildir: sovet dövr interyerini xatrıladan kafe, boz, minimalist məkanlar (operator Elman Əliyev), müasir həyatla dil tapmayan, arada didaktik danışan, keçmişin xiffətini çəkən köhnə ziyalı tipajları...

Süjetə görə, kafedə görüşən üç dostdan biri elektrik lampasını ağzına salır və çıxara bilmir. Absurd situasiya sonrakı hadisələr zəncirini yaratmalıydı; amma təklif olunan vəziyyət dramaturji inkişaf eləmir və dərin sosial kontekstdə dərinləşmir. Nəticədə əhvalat lokal, sözün hərfi mənasında lətifə səviyyəsində qalır.

Rejissor işi ssenaridən (İmir Məmmədli) keyfiyyətlidir və S. Haqverdiyevanın istedadlı rejissurası da ssenarinin məhəllilikdən xilas etmir.

Personajın lampanı ağzına salmağa vadar edən səbəb aydın deyil, başqa sözlə, vəziyyət dramaturji bəraət qazanmır. Eyni problemi, digər dostların da lampanı ağızlarına salması epizodlarına aid etmək olar. Lampa hadisəni inkişaf etdirmir, konflikt əmələ gətirmir, sadəcə, absurd vəziyyət təkrarlanır. Sanki situasiya, müəllifin “ağzı bağlı olan adamlar daha rahat yaşayır” aforizm tipli fikirləri səsləndirməsi üçündür. Konflikt yoxdursa, yenilənmə də, dəyişilimə də baş vermir, qəhrəmanlar seçim qarşısında qalmır və s. Halbuki, lampa amili maneədən nəsə fərqli məzmunlu konfliktə keçməliydi.

Rejissorun qurduğu struktur isə Yeni Fransız dalğasının bəzi filmlərinin struktur elementləriylə oxşardı. Yoldan keçən qızçığaz üzünü maşının şüşəsinə dirəyib ağzı açıq qəhrəmanlara təəccüblə baxanda, ananın deklarativ replikası (“Sənin bu hərəkətin bizim ailə davranışlarına ziddir”), məhəllə poliklinkasında ata və oğulların düz xəttli mizanla vəziyyətə fəlsəfi reaksiyası, həkimin teatral intonasiyada absurd, soyuq, bir növ manifest xarakterli fikirləri stilistik olaraq yaxşı düşünülüb.

24 dəqiqəlik film üçün personaj sayı çoxdur, yəni qəhrəmanlardan əlavə ikinci planda, epizodlarda oynayanlar var. Rejissor onların hər birinin yerini dəqiq müəyyənləşdirdiyindən, ekranda xaos yaranmır. Sadəcə, personajların mövcudluğu, üslub, ayrı ayrı kadrların uğurlu həlləri, dediyim kimi hadisənin inkişafına təkan vermir, süjetin irəliləməsindən çox, filmin estetik qatını gücləndirir.

Kafedə Səməndər Rzayevin, Nəsibə Zeynalovanın, Yaşar Nurinin və digər aktyorların “danışan” portrertləri də dramaturji materialda işləmir. Yəqin ki, bu, dialoqlara reaksiya kimi düşünülüb, amma portretlərin real səhnəylə qarşılıqlı dialoqda olması maraqlı montaj fəndləri, uyğun replikalar tələb edirdi.

Qısası, Laçın Beynəlxalq Film Festivalında “Lampa”nın mükafatsız qalmasının əsas səbəbi ssenariydi. 
❤12👍3
Laçın Beynəlxalq Film Festivalının yerli müsabiqəsində iştirak edən Nail Abdullayevin “Çəkməçi” filmi minimalistdir, nəinki bir məkanda, hətta bir küncdə çəkilib. Və məkan darlığı ideyanı çatdırmaq üçün əsas ifadə vasitələrindən biridir.

Film müharibədə yaralanmış, çəkməçi işləyən qazinin hekayəsidir. Nail dialoqdan və musiqidən imtina edərək təsvirin dili ilə danışır, qəhrəmanın fiziki və mənəvi çöküşü vizualda çatdırılır. Müharibədə aldığı zədə səbəbindən qəhrəman yerimək funksiyasını tədricən itirir. Bu proses həm aktyorun ifasında, həm də məkanın transformasiyasında əksini tapır.

İlk epizodlarda o, hələ sağlamdır, sifarişləri çoxdur, emalatxana isti rənglərlə işlənib, otaq peşəsinə aid müxtəlif əşyalarla doludur. Zamanla qəhrəmanın ayaqları funksiyasını itirdikcə sifarişlər azalır, məkanın rəngləri solğunlaşır, emalatxananada həyat dayanır. Yəni qəhrəmanın bədənindəki və daxilindəki dəyişiklik məkanda da baş verir.

Təkrarlanan motivlərdən biri qızının atasına istəkləri ilə bağlı yolladığı mesajlardır. Bu məqam, süjetin inkişafı və qəhrəmanın dəyişən vəziyyəti ilə qarşılıqlı əlaqədə verilir və dramatik təsiri gücləndirir.

Digər təkrarlanan motiv – quş qəfəsindən qəhrəmanın təsviri – onun daralan dünyasının simvolikasıdır.Hərçənd, qəhrəmanın səhhəti ilə bağlı tibbi məlumatı xüsusi vurğulamaqdansa, onu kinodilinin imkanlarından yararlanaraq, başqa cür həlli tapıla  bilərdi.

Festival çərçivəsində Prodüserlər Gildiyası filmi mükafata layiq görmüşdü, təəssüf ki, texniki səbəblərdən mükafatın təqdim edilməsi alınmadı.

Yerli müsabiqənin digər filmi Orxan Bakinskinin “Timşel”iydi. “Timşel” (ivrit dilində azad iradəni, seçimi ifadə edir) yaxşı aktyor ifasına görə (Anar Bulud) diploma layiq görülüb.

Orxan İncəsənət Universitetində aktyorluq ixtisası üzrə təhsil alsa da, rejissor fəaliyyəti göstərir.

Onun ilk təcrübəsi olan filmlərə də baxdım; bütün işlərində eyni yanaşma var: qeyri-xətti təhkiyəyə və iri planlara davamlı müraciət, bunların üzərində eksperimentlər aparmaq meyli.

Bu işlər, həmçinin, “Timşel” Orxanın üslub axtarışlarıdır.
"Timşel” daha çox qəhrəmanın daxili vəziyyətinin vizuallaşması üzərində qurulub, müəllif burda da eksperimentlərə cəhd edir, hekayəsini ənənəvi təhkiyədən kənar, iri planlarda danışır.

Qəhrəmanın daxili konfliktini alma motivi ilə ifadə edir. Burda da alma insanın günahını, sınağını və seçimini ifadə edir. Müəllif, bu motivə yeni münasibət göstərməsə də, filmin ümumi atmosferində və təhkiyənin quruluşunda onun rejissor kimi potensialı duyulur.

Festivalla bağlı son yazım Gəray Həsənin “Zəfər rəqsi”, Ayan Məlikin “Layla” filmləri haqda olacaq. Vaxtım olanda yazacam.
❤15👍6🔥1
Bugün İlkin Yusifin  "Sən haralısan, durna"filminə baxdım, çox duyğulandım və İlkinə zəng vurub onu təbrik elədim.

Film “hibrid janrda film necə çəkilməlidir?” sualına cavabdır. Və “bədii-sənədli film” modelini əsasən formal həll kimi görən bəzi rejissorlara nümunədir.

Hekayə Qərbi Asiya populyasiyasının sonuncu nümayəndəsi olan ağ durnanın — Omidin axtarışı haqdadır. Amma bu, bizim bildiyimiz ənənəvi təbiət filmi deyil. Çünki durnanın axtarışı metafordur və əslində, hekayə insanın ruhi-mənəvi axtarışları haqda poetik-mifik-ekzistensial dramdır.

Sənədli kadrlardan bədii səhnələrə, real zamandan poetik-mifik zamana, janrdan janra keçidlərdə tempo-ritm bir an olsun itirilmir, keçidlər hiss olunmadan baş verir.

Paralel xətlərdən biri filmin necə bitəcəyi haqda rejissorla prodüserin narahatlığıdır, çünki durna gəlmir. İlkin filmi bir neçə il işləyib, günlərlə təbiətdə vaxt keçirib. Filmin emosional tərəfi ona görə güclüdür ki, İlkinin bu hekayə ilə dərindən, ruhən yaşadığı hər kadrdan duyulur.

Operator Natiq Hüsiyevin hissiyatlı gözü hekayənin istiliyini, hardasa intimliyini və emosional dərinliyini, təbiətin sonsuzluğunda insanın daxili tənhalığını ötürür...

Filmin prodüserləri İlkin Yusif,Alihan Karagül və Emil Nəcəfovdu.

p.s. Mütəxəssislər Omidin öldüyünü ehtimal edirlər((
👍17❤16
Bugün Milli Qəhrəman Əliyar Əliyevin anım gündür.Sevgiylə xatırlayırıq. Nizami Abbasın bu filminə neçə il öncə Nizami kinoteatrında baxmışdım. Baxmayanlara məsləhət görürəm.

https://youtu.be/yjPP9adYm3E?si=wPnxibTpYlxEYlk
❤21
İman Məcidovun telerejissor Ramiz Həsənoğlu haqda çəkdiyi “Sənin boyun ucadır” sənədli filmi Mədəniyyət və İncəsənət Universitetində tədris olunmalıdır. Filmin uğuru hər şeydən əvvəl rejissorun qəhrəmanının yaradıcılığına hakim olmasındadır. Çünki müəllif mövzunu əla biləndə, hiss edəndə maraqlı forma, struktur tapır. İman Məcidov Ramiz Həsənoğlunun yaradıcılığını və şəxsiyyətini dəqiq, yaradıcı  montaj dramaturgiyası ilə açır. Müxtəlif fraqmentlərdən onun obrazını yaradır. Film həm öyrədir, həm məlumat verir, həm analiz edir. Çox böyük zövqlə izlədim. Baxmayanlara məsləhət görürəm.            

https://youtu.be/5Dv8ucBY0JQ?si=kNZXlt7v6ukOS0Jf
❤17👍7
  Koppolanın aşağıda yazdığım metodu rejissorlar üçün vacib təcrübə ola bilər. Düzü, hələ onun ustad dərsini oxumamışdan əvvəl bu fikrə gəlmşdim.

Deyəsən, ilin əvvəliydi, AKİ-də “CHARACTERS – Müasir Dramaturgiya Hərəkatı”  pyes müsabiqəsinin (platforma rəhbəri İsmayıl İmandır) qaliblərindən biri “Eyay”ın oxunuşu keçirilmişdi. Şəbnəm Xeyrullanın rejissorluğu ilə təqdim edilən pyesin təqdimatını (aktyorlar Fateh və Lamiyə Ərən) zövqlə izləmişdim. Pyesin müəllifi Hacı Səfərovdur. İmkan düşmüşkən bunu da deyim. Onda Hacıya dedim ki, pyesi ssenaridən yaxşı, maraqlı yazırsan.Pyesin oxunuşuna baxaraq düşündüm ki, filmə maliyyə tapa bilməyən, təcrübə toplamaq istəyən rejissorlar, xüsusən gənclər, ssenarilərini hələlik bu metodla təqdim edə bilərlər.   

Koppola da kinorejissorluğa yeni başlayanlara təklif edir ki,  təcrübə qazanmaq üçün diqqəti əvvəlcə birpərdəli pyeslərə yönəltsinlər.“Çünki birpərdəli pyes üzərində işləyəndə, heç bir resursa ehtiyac qalmır, kamera və digər çəkiliş avadanlıqları lazım olmur. Sadəcə, iki aktyor kifayətdir, bəzi hallarda bir aktyor da yetərlidir. Hər halda, üçdən artıq aktyora ehtiyac yoxdur.Özünüzün yazdığınız birpərdəli pyesi səhnələşdirə bilərsiniz. Yaxud Tennessi Uilyams, Çexov və ya digər böyük dramaturqların pyeslərini səhnələşdirin. Bu dramaturqlar çoxlu sayda birpərdəli pyeslər yazıblar. Təkrar edirəm, birpərdəli pyeslərin üstünlüyü, onların səhnələşdirilməsi zamanı demək olar ki, xüsusi resursa ehtiyacın olmamasıdır. Birpərdəli tamaşanı qısa müddətdə hazırlaya biləcəksiniz və  texnologiyalara ehtiyac qalmadan belə bir sənət forması ilə eksperimentlər apara biləcəksiniz. Daha vacibi odur ki, montaj mərhələsinə ehtiyac olmayacaq. Axı, film çəkildikdən sonra onu tamaşaçılara nümayiş etdirənə qədər müəyyən vaxt tələb olunur. Səhnə əsərində isə belə gözləmə müddəti yoxdur. Birpərdəli pyesi səhnələşdirib, işinizi dərhal tamaşaçılarla bölüşə, onların reaksiyasını görə və bu sənət formasının xüsusiyyətlərini, tamaşaçıların əsəri necə qəbul etdiyini anlaya bilərsiniz”.
❤16👍3